İngiltərə çempionatının birinci turunun son oyun günündə “Vest Hem” səfərdə “Nyukasl Yunayted”lə üz-üzə gəlib. Artıq 5-ci dəqiqədə Kallum Uilson meydan sahiblərini hesabda irəli çıxarıb. Çox keçmədən “Vest Hem” futbolçuları tarazlığı bərpa edib. Aaron Kessuel komandasını ümidləndirib. Lakin fasiləyədək meydan sahibləri hesabı yenidən xeyrlərinə dəyişib. Yakob Mörfinin zərbəsi qarşısıalınmaz olub. İkinci hissədə tam təşəbbüsə yiyələnən “Vest Hem” futbolçuları 15 dəqiqə ərzində rəqibin bütün ümidlərini puç edib. Əvvəlcə 53-cü dəqiqədə Mohammed Səid Benrahma hesabı bərabərləşdirib. Bir qədər sonra Maykl Antonionun penalti zərbəsini qapıçı Frederik Vudman dəf etsə də ikinci cəhddə Tomaş Souçek topu qapıdan keçirib. Az sonra Maykl Antonio özü fərqlənərək mübarizəə nöqtə qoyub. “Nyukasl Yunayted” – “Vest Hem” 2:4.

Çempion “Mançester Siti” üçün də ilk tur uğursuz alınıb. Londonda “Tottenhem”in qonağı olan “şəhərlilər” birinci hissədə rəqibindən üstün olsa da istədiyini eəldə edə bilməyib. Fasilədən sonra təzyiqi artıran Nunu Eşpiritu Santunun komandası 55-ci dəqiqədə hesabı açıb. Son Hın Min uzaqdan baxımlı zərbə ilə qonaqları məyus edib. 1:0. Görüş bu hesabla başa çatıb.